Cəlilabadda “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib
Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində, Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbdə “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tural Şahmarov, Cəlilabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov, Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin direktoru Abdul Rzayev, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tural Şahmarov ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsində aparılan genişmiqyaslı tədbirlərdən söhbət açaraq qeyd edib ki, dövlətin qayğısı ilə əhatələnmiş uşaqların hüquqlarının qorunması, təmin edilməsi daim diqqət mərkəzindədir. Belə ki, ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi sahəsində bir sıra tədbirlər görülüb.
Cəlilabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov çıxışında uşaqların radikal və zərərli təsirlərdən qorunması üçün xalqın ənənələrinin, milli-mənəvi dəyərlərinin əhəmiyyətindən və bununla bağlı görülən işlərdən danışıb.
Sonda mövzu ilə bağlı diskussiya keçirilib.
.



