Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.11.2025

Cəlilabadda “Suverenliyimizə Qovuşduran Şanlı Zəfər” mövzusunda konfrans keçirilib

Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Cəlilabad rayonunda “Suverenliyimizə Qovuşduran Şanlı Zəfər” mövzusunda konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
DQİDK-nın Masallı regional bölməsinin müdiri Elvin Hüseynli çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycan xalqının milli birliyinin və dövlətimizin gücünün bariz nümunəsidir. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu tarixi Zəfər xalqımızın uzun illərdən bəri arzuladığı ədalətin bərpasını təmin edib. Bu Qələbə həm də milli mənəvi dəyərlərimizin, vətənpərvərlik ruhunun və dövlətə sədaqətin təntənəsidir.
Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdir müavini Samir Yoldaşov çıxışında qeyd edib ki, Azərbaycan dövlətinin suverenliyinin tam bərpası tariximizdə yeni mərhələnin əsasını qoyub. S. Yoldaşov bildirib ki, Vətən müharibəsində əldə olunan uğurlar yalnız hərbi deyil, həm də ideoloji və mənəvi qələbə kimi qiymətləndirilməlidir. Dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulması milli birliyin və ictimai sabitliyin təminatıdır. Bu cür tədbirlər xalqımızın birliyini, dövlətçiliyimizi və dini tolerantlıq ənənələrimizi daha da möhkəmləndirir.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Məmmədzadə Əliyev, Rayon Ağsaqallar Şurasının sədri Ədalət Əsgərov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Salamat Nəcəfov və “Qarabağ qaziləri” İctimai Birliyinin Cəlilabad filialının sədri Maşalla Əliyev çıxışlarında Zəfər Gününün dövlətçilik tariximizdə əlamətdar hadisə olduğunu qeyd edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin önəmini vurğulayıblar. Həmçinin dövlətin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biri olduğu bildirilib. Qeyd olunub ki, bu diqqət dövlətimizin mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna və sosial ədalət prinsipinə sadiqliyinin bariz təzahürüdür.