Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.10.2017

Cəlilabadda “İslam dini və şəhidlik” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Cəlilabad rayonu Maşlıq kəndi “Şəhidlər” məscidi dini icması oktyabrın 24-də “İslam həmrəyliyi: Azərbaycan nümunəsi” adlı layihə çərçivəsində “İslam dini və şəhidlik”mövzusunda tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini ekspertiza şöbəsinin məsləhətçisi Şəhriyar İsmiyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin baş məsləhətçisi Tural Şahmarov, Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH)  başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov, Maşlıq kəndi “Şəhidlər” məscidi dini icmasının sədri Həmzəxan Məhərrəmov, ziyalılar, müəllim və şagirdlər  iştirak ediblər.
Cəlilabad  RİH  başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov bildirib ki, çağdaş Azərbaycan gəncliyinin mənəvi tərbiyəsində dinimizin böyük rolu vardır. Buna nümunə olaraq dini dəyərlərlə böyümuş, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovu göstərmək olar.
DQİDK-nın əməkdaşı Şəhriyar İsmiyev qeyd edib ki, Azərbaycan xalqı özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verir, özünəməxsus adət-ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edir. Bu dəyərlərdən istifadə edib gənclərimizi yüksək vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Onların aldadılaraq yad ölkələrə aparılması və orada öldürülməsi yolverilməzdir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov deyib ki, xalqımız öz ənənəvi dini dəyərlərini tarix boyu qoruyub saxlayıb. Gənclərimizin  vətənpərvərlik ruhunda tərbiyəsində məktəbin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bizim gənclərimiz vətənimizi qoruyarkən şəhid olmağa yox, düşməni məhv etməyə köklənməlidirlər.
Maşlıq kəndi “Şəhidlər” məscidi dini icmasının sədri Həmzəxan Məhərrəmov, ağsaqqal Qasımov Rəzzaq və başqaları çıxışlarında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində milli-mənəvi dəyərlərimizin rolundan söhbət açıblar.
Sonda iştirakçıları marağlandıran suallar cavablandırılıb.