Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.09.2017

Cəlilabadda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusu müzakirə edilib

Sentyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Milli Qəhrəman Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbində “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Tural Şahmarov, Komitənin Dini qurumlarla İş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin əməkdaşı Vüqar İmamquliyev, Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov, RİH başçısının Göytəpə şəhəri üzrə nümayəndəsi Fuad Əzizov, Cəlilabad Rayon Polis Şöbəsinin sahə müvəkkili, polis mayoru Vahid Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəlilabad RİH başçısı Aparatının nümayəndəsi Loğman Hüseynov tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Natiq bildirib ki, son dövrlər bəzi müsəlman ölkələrində gedən qanlı münaqişələr dini radikalizm və məzhəb ayrı-seçkiliyinin nəticəsidir.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq bildirib ki, ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradılıb. O təəssüflə qeyd edib ki, bəzi radikal qruplar ölkəmizdəki dini sabitliyi pozmağa çalışırlar. Dini radikal qrupların təbliğat və yayılma metodlarından danışan Ə.Zülfüqarov xüsusilə gəncləri dini radikalizmdən qorumaq üçün maarifləndirmə işləri genişləndirilməlidir.
Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gəncləri dini radikal qrupların təsirindən qorumaqdır. M.Bədirov ölkəmizdə dini sahədə həmrəylik olduğunu və dövlətin dinə və din xadimlərinə qayğı göstərdiyini bildirib.

Mövzu ilə bağlı Göytəpə ziyalılarından Sabir Həsənov və Firudin Zeynalov təkliflərlə çıxış ediblər.