Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.09.2017

Cəlilabadda “Dini dəyərlərimiz və vətənpərvərlik” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Cəlilabad rayonu Zərbiəllli kəndi “İmam Hüseyn” məscidi dini icması tərəfindən sentyabrın 27-də “İslam həmrəyliyi radikalizmə qarşı mübarizədə vasitə kimi” adlı layihə çərçivəsində “Dini dəyərlərimiz və vətənpərvərlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin əməkdaşı Tural Şahmarov, Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov, Cəlilabad RİH-in Qarakazımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəfail Mirzəyev, Zərbiəllli kəndi “İmam Hüseyn” məscidi dini icmasının sədri Rafail Bəşirov, eləcə də ziyalılar, müəllim və şagirdlər  iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında qeyd edib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli, əxlaqi və mənəvi dəyərləri ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Bu dəyərlərin gənclərimizin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolu var.
Cəlilabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov bildirib ki, xalqımız öz ənənəvi dinini tarix boyu qoruyub saxlayıb. O vurğulayıb ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında məktəbin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür.
DQİDK-nın Masallı böılgəsi üzrə şöbəsinin əməkdaşı Tural Şahmarov, Zərbiəllli kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Rafail Bəşirov və başqaları çıxışlarında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında milli-mənəvi dəyərlərimizin rolundan söhbət açıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.