19.12.2017
Cəlilabadda “Azərbaycan multikultural dəyərlər diyarıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə (DQİDK) Cəlilabad rayonu Maşlıq kəndi “Şəhidlər” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi: Azərbaycan nümunəsi” adlı layihə çərçivəsində “Azərbaycan multikultural dəyərlər diyarıdır”mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Tural Şahmarov, Maşlıq kəndi “Şəhidlər” məscidi dini icmasının sədri Həmzəxan Məhərrəmov, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə böyük önəm verdiyini, müstəqillik dövründə dini dəyərlərin qorunduğunu və inkişaf etdirildiyini bildirib. O, həmçinin tolerantlığın Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək olan xüsusiyyət olduğunu diqqətə çatdırıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Şahmarov qeyd edib ki, müasir dövrdə ölkəmizdə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə qayğı göstərmək, onların problemlərini həll etmək, dövlətimizin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməklə davamlı olaraq bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.
Maşlıq kəndi “Şəhidlər” məscidi dini icmasının sədri Həmzəxan Məhərrəmov, ağsaqqal Barat Alışanov və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbirin sonunda iştirakçılara DQİDK-nın nəşr etdirdiyi dini təyinatlı kitablar və digər çap məhsulları paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.