09.12.2016
BSU-da “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda seminar keçirilib
Dekabrın 9-da Bakı Slavyan Universitetində (BSU) “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda seminar keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Gənclər və İdman Nazirliyi (GİN) və BSU-nun təşkilatçılığı ilə baş tutan tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova seminarın mahiyyəti və məqsədi barədə ətraflı məlumat verib. Qeyd edib ki, seminar DQİDK ilə GİN-in 2016-cı il üçün təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilir.
GİN-in Vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov milli-mənəvi dəyərlərin, dövlət rəmzləri və atributlarının təbliği işində gənclərin fəaliyyətini yüksək qiymətləndirib, bu təbliğatı gücləndirməkdə təhsilin vacib rol oynadığını vurğulayıb.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə ənənəvi İslam dəyərlərinin düzgün təbliğində gənclərin üzərinə düşən vəzifələrdən danışıb. Qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, müxtəlif dinlərə məxsus məbədlərin qorunması, onların təmiri və bərpası, yenilərinin inşası, ali dini təhsilli kadrların hazırlanması işinə də ciddi diqqət yetirilir.
BSU-nun Azərbaycanşünaslıq tədris və mədəniyyət mərkəzinin müdiri Malik Kərimov və jurnalistika fakültəsinin dosenti Dürdanə Tahirli çıxışlarında müasir ailə dəyərlərinin formalaşması, multikultural dəyərlər, azərbaycançılıq məfkurəsinin geniş təbliğinin zəruriliyindən bəhs ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.