28.06.2018
Brüsseldə rəsmi səfərdə olan Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü və Aİ-nin dəvəti ilə Brüsseldə rəsmi səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən dini konfessiya üzvlərindən ibarət nümayəndə heyəti bir sıra görüşlər keçirib.
Nümayəndə heyətimiz səfər çərçivəsində ilk görüşünü iyunun 27-də Avropa İttifaqı - Azərbaycan arasında ikitərəfli münasibətlər üzrə məsul Asunsion Sançez Ruiz və Azərbaycan, Belarusiya, Ermənistan və Şərq Tərəfdaşlığı Bölməsi, NEAR Baş Direktorluğunun nümayəndəsi Yari Hapaala ilə həyata keçirib.
Görüşdə Aİ-nin Azərbaycanla əlaqələrinin əhəmiyyətinə toxunan A.S.Ruiz ötən ilin noyabrında Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinə qatılan Prezident İlham Əliyevin səfərinin tərəflər arasında əməkdaşlığın daha da güclənməsinə təkan verdiyini vurğulayıb.
Daha sonra söz alan xanım Sançez diqqətə çatdırıb ki, Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair mövcud razılaşmalara bir sıra yeni prioritet istiqamətlərin əlavə edilməsi üzərində işlər gedir.
Aİ və Azərbaycan arasında İqtisadiyyat, İdarəetmə, Enerji və Təhsil sahəsində mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən Yari Haapala nümayəndə heyətinin diqqətinə çatdırıb ki, bu əlaqələrin daha da genişləndirilməsi vacibdir. O bildirib ki, dövlət-din münasibətləri, dini tolerantlıq, mədəniyyətlərarası münasibətlər sahəsində nümunəvi təcrübəyə sahib Azərbaycanda Aİ-nin Tvininq aləti vasitəsilə bir sıra uğurlu layihələr həyata keçirilib. Y.Haapala əlavə edib ki, dini tolerantlıq, dinlərarası dialoq və sülh şəraitində birgəyaşayışın qorunub saxlanılmasında Azərbaycanın apardığı dövlət siyasətini öyrənmək Avropa Birliyi üçün böyük əhəmiyyət kəsb edir.
Dəvətə və qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Səyavuş Heydərov Azərbaycanın din sahəsində apardığı uğurlu siyasətin dünyəvilik və dini təməl prinsiplərinə əsasən tənzimlənməsi ilə birbaşa bağlı olduğunu vurğulayıb. S.Heydərov qeyd edib ki, ölkəmizdə formalaşan tolerantlıq ənənələri və multikultural dəyərlər bu gün dövlət siyasətinin əsas prioritet istiqamətini təşkil edir. Milli təhlükəsizliyin əsas elementlərindən biri kimi dini sahə, xüsusilə dini təhlükəsizliyin təminatı vacib məsələdir deyə Komitə sədrinin müavini sözlərinə əlavə edib.
Sonra nümayəndə heyətində təmsil olunan dini konfessiya üzvləri bildirib ki, bu gün Azərbaycanda mövcud olan dinlər və mədəniyyətlərarası harmoniya dövlətin apardığı uzaqgörən siyasətin nəticəsidir. Azərbaycanın dini tolerantlığın gücləndirilməsi sahəsində əldə etdiyi təcrübənin digər ölkələrdə tətbiqinin araşdırılması üçün Aİ tərəfindən daha səmərəli addımların atılması vacibdir deyə nümayəndə heyəti fikirlərinə əlavə edib.
Səfər çərçivəsində Avropa Xalq Partiyasının bir qism üzvü ilə işgüzar nahar süfrəsində keçirilən görüşdə Mədəniyyətlərarası əlaqələr və Dinlərarası Dialoq üzrə işçi qrupunun həmsədri Yan Olbrayt, parlamentin Azərbaycan üzrə reportyoru, Avropa parlamentində İnkişaf komitəsinin üzvü xanım Zeljana Zovko, parlamentin üzvləri Pavel Svoboda və Aloj Peterle iştirak ediblər.
Xristian dünyasında kilsələr arasında fərqlərin dərinləşməsindən narahatlığını ifadə edən Yan Olbrayt məlumat verib ki, bu gün bəzi Qərb ölkələrində dini zəmində yaranan qarşıdurmalar regionda təhlükəsizlik təhdidlərinə səbəb olur. O, nümayəndə heyətinin diqqətinə çatdırıb ki, Azərbaycanın dinlər və mədəniyyətlərarası qarşılıqlı anlaşma sahəsində əldə etdiyi uğurlu təcrübənin Avropa ölkələri tərəfindən öyrənilməsinə böyük ehtiyac var.
Azərbaycanın dövlət-din sahəsində Aİ ilə münasibətlərinin daha da gücləndirilməsinin tərəfdarı olduğuna toxunan nümayəndə heyətinin rəhbəri S. Heydərov çıxışı zamanı təklif edib ki, ölkəmizin əldə etdiyi bu uğurlu təcrübənin, eləcə də dini tolerantlıq dəyərlərinin qorunub saxlanılmasında aparılan dövlət siyasətinin daha geniş coğrafiyaya çatdırılması üçün Aİ və Azərbaycanın ekspert nümayəndələrindən ibarət platformanın yaradılması və müvafiq birgə araşdırmaların aparılması dinlər, millətlər, sivilizasiyalararası dialoqun, eləcə də əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə konkret mexanizmin - yol xəritəsinin işlənməsi məqsədəuyğun olardı.
Komitə sədrinin müavinin bu təklifi Aİ nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb və sözügedən istiqamətdə müvafiq pilot layihələrin icrası mümkün sayılıb.
Çıxışı zamanı dövlət-din münasibətlərinin təkmilləşdirilməsi sahəsində Azərbaycanda həyata keçirilən dövlət siyasətinə toxunan S.Heydərov bildirib ki, ölkəmizdə dini təhsilin gücləndirilməsi, bu sahədə savadlı ilahiyyatçıların hazırlanması üçün Dövlət Komitəsinin tərkibində İlahiyyat İnstitutu yaradılıb. Sədr müavini vurğulayıb ki, İnstitutun yaradılması təcrübə və ekspert mübadiləsinin aparılması baxımında əlverişli olacaq. Bundan əlavə S.Heydərov ölkəmizdə gənclər arasında dini tolerantlığın, mənəvi dəyərlərin təbliği məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondu təsis edilməsini qarşı tərəfin diqqətinə çatdırıb və vurğulayıb ki, bu məqsədlə Fond tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir.
Görüş zamanı çıxış edən nümayəndə heyətinin üzvləri Azərbaycanın sülhün tərəfdarı və təbliğatçısı olduğunu qeyd ediblər. Bərabərhüquqlu münasibələrə əsaslanan əlaqələri dəstəklədiklərini vurğulayan nümayəndə heyəti qonşu Ermənistanın öz işğalçılıq siyasəti nəticəsində regionda sülhə və təhlükəsizliyə yaratdığı təhdiddən də bəhs ediblər.
Səfər çərçivəsində növbəti görüş Cənubi Qafqaz Nümayəndəliyinin sədri, parlamentin üzvü Səccad Kərim ilə keçirilib. O Avropa Parlamentində Azərbaycan Respublikasının dövlət-din münasibətləri sahəsində əldə etdiyi uğurların müsbət qarşılanmasına toxunub.
Görüş zamanı Avropa Parlamentində Azərbaycanın əleyhinə qəbul edilən qətnamələrə toxunan DQİDK-nın sədr müavini S.Heydərov bildirib ki, həqiqəti əks etdirməyən həmin qətnamələr Azərbaycana qarşı qərəzli mövqeyin nəticəsidir. Biz istəyirik ki, əldə etdiyimiz uğurlar, Azərbaycanın multikulturalizm modelinin müxtəlif ölkələr tərəfindən öyrənilməsinin təşviqi istiqamətində Avropa Parlamenti tərəfindən əməli addımlar atılsın. Bu gün Azərbaycan təkcə enerji təhlükəsizliyinin təmin edilməsinə deyil, eyni zamanda dünyada təhlükəsizliyin bərqərar olmasına öz töhvəsini verir. Bunun əyani sübutu kimi ölkəmizdə keçirilən beynəlxalq forumlara olan marağı və onun nəticələrini göstərə bilərik deyə nümayəndə heyətinin rəhbəri əlavə edib.
Günün sonunda Brüsseldə yerləşən Molenbeek rayonunu ziyarət edən Azərbaycan nümayəndə heyəti orada yerləşən Məscid və mədəniyyət mərkəzi ilə tanış olublar.