Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.09.2017

Brüsseldə Avropa İttifaqı və Avropa Parlamentinin nümayəndələri ilə görüşlər keçirilib

Avropa İttifaqı (Aİ) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində Brüsseldə səfərdə olan DQİDK-nın və Azərbaycan Respublikasında fəaliyyət göstərən dini icmaların nümayəndələri sentyabrın 26-da Avropa İttifaqının Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard ilə görüşüblər.
Qonaqları səmimiyyətlə salamlayan Belliard Aİ-nin xarici siyasət prioritetlərindən danışıb və birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Respublikamızdakı mövcud tolerant və multikultural ənənələrin tarixinin qədim olduğunu və bu gün dövlət siyasətinin tərkib hissəsi kimi daha da gücləndiyini diqqətə çatdıran dini konfessiyaların rəhbərləri ölkəmizdə dini zəmində heç vaxt münaqişənin olmadığını, əksinə, bütün dinlərin nümayəndələri bu torpaqlarda əsrlərdir dinc yanaşı, mehriban şəraitdə yaşadıqlarını vurğulayıblar. Bu səfərdə belə fərqli, rəngarəng tərkibdə təmsil olunmalarının bunun bariz nümunəsi olduğunu deyiblər. Qeyd olunub ki, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olmasına baxmayaraq, dünyəvi Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə diqqət və qayğı ilə yanaşır.
Daha sonra DQİDK sədrinin müavini Səyavuş Heydərov ölkəmizdəki dini durum barədə danışıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri modeli bir çox ekspertlər, politoloqlar tərəfindən dinlərarası harmoniyaya ehtiyac duyan dünya üçün nümunə qismində göstərilir. Azərbaycanın son illər dinlər və mədəniyyətlər arası dialoqun mərkəzinə çevrilməsi də məhz bu reallıqdan irəli gəlir. Dövlət başçımızın bu istiqamətdəki təşəbbüslərindən danışan Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin ölkəmizdə 2016-cı ili “Multikultualizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsi müasir dövrün ən çox ehtiyac duyulan birlik və bərabərliyə çağırış mesajıdır.
Həmin gün nümayəndə heyətinin üzvləri Avropa Parlamentinin birinci vitse-prezidenti xanım Mayrid MakGinnes, Avropa Parlamentinin deputatı Səccad Kərim, Avropa Parlamentinin Avropa Xalq Partiyasını təmsil edən deputatları Zelyana Zovko, Gyorgi Holveni və Yan Olbrayt, o cümlədən Aİ-nin Xarici siyasət xidməti strukturunun rəhbərliyində təmsil olunan şəxslər ilə görüşüblər. Görüşlərdə Azərbaycanda olan dini tolerantlıq mühiti və dövlətin bu istiqamətdə yürütdüyü siyasətdən bəhs olunub. Həmçinin dini konfessiyaların nümayəndələri Avropa Parlamentinin deputatları ilə görüşlərdə diqqəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalması faktına yönəldərək bildiriblər ki, bu ərazilərdə əsrlərlə tarixə malik müsəlman və xristian dini abidələri məhv edilib. Parlamentarilərin nəzərinə çatdırılıb ki, Ermənistanın aqressiv siyasəti olmasaydı, Brüsselə səfər edən Azərbaycandan olan dini konfessiyaların tərkibində erməni din xadimləri də rahatlıqla iştirak edə bilərdilər.
Görüşlərdə Avropa İttifaqının nümayəndələri Azərbaycanda mövcud olan dini tolerantlıq mühitini yüksək qiymətləndirib və bu cür birgəyaşayış modelinin bir çox dünya ölkələri üçün örnək ola biləcəyini qeyd ediblər.