Şriftin ölçüsü:

Saytın rəngi:

19.09.2014

Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycandakı tolerantlıq və multikulturalizm haqqında məlumatlandırılıb

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Böyük Britaniya parlamentinin ölkəmizdə səfərdə olan üzvləri Ser Toni Boldri, Ser Piter Ceyms və Şərqi İngiltərə Universitetinin professoru, London Diplomatik Akademiyasının təsisçisi və direktoru Nabil Ayad ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Dövlət müşaviri Azərbaycanda qədim ənənələrə malik olan multikulturalizm və tolerantlıq mədəniyyətinin ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam və inkişaf etdirməsindən, ölkədə mövcud milli, dini icmalara bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi üçün atılan mütərəqqi addımlardan danışıb. Ölkəmizdə yaşayan azsaylı xalqlar, müxtəlif dinləri təmsil edən insanlar arasında münasibətlərin ən yüksək səviyyədə tənzimlənməsi və bu işə nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Müşavirliyi Xidmətinin yaradılmasını dövlətin bu sahəyə diqqət və qayğısı kimi dəyərləndirən akademik Kamal Abdullayev Azərbaycanı dünyaya tolerantlıq və multikulturalizm nümunəsi kimi təqdim etmək yolunda dövlətimizin qərarlı olduğunu diqqətə çatdırıb.
Qonaqlar Azərbaycanda milli, dini və etnik baxımdan yüksək səviyyədə qorunan sabitliyi xüsusi dəyərləndiriblər. Onlar Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemində dünya dövlətlərinin bir çoxunun və müxtəlif beynəlxalq təşkilatların ikili mövqe sərgilədiyini və bunun da aydın səbəbləri olduğunu qeyd ediblər. Xocalı soyqırımının beynəlxalq hüquq müstəvisinə çıxarılmasının, cinayətkarların beynəlxalq tribunala təslim edilməsinin zamanının çatdığını deyən qonaqlar bu haqq işində Azərbaycan xalqına dəstək olacaqlarını, bu məqsədlə gələn il Londonda Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilməsini planlaşdırdıqlarını bildiriblər.
Kamal Abdullayev Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edərək bununla bağlı Azərbaycana verdikləri dəstəyə görə qonaqlara təşəkkürünü bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inandığını bildirən Dövlət müşaviri bu işdə ləyaqətli insanların haqqı müdafiə etdiklərini, problemin həlli üçün böyük əmək sərf edən Prezident İlham Əliyevin tutduğu haqq yolda öz xalqına və dünyadakı dostlarımıza arxalandığını vurğulayıb.
Görüşdə Böyük Britaniya parlamentariləri və elm adamları ilə Azərbaycan siyasətçiləri və elm adamlarının gələcək əməkdaşlığı mövzusunda fikir mübadiləsi aparılıb.