Şriftin ölçüsü:

Saytın rəngi:

07.06.2013

Boris Simanduyevə “Şöhrət” ordeninin təqdim edilməsi mərasimi keçirildi (FOTO)

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Quba rayonu, Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Boris Simanduyevə “Şöhrət” ordeninin təqdim edilməsi mərasimi keçirilmişdir.

Təqdimat mərasimində çıxış edən DQİDK sədri Elşad İskəndərov bildirmişdir ki, Azərbaycan tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və tolerant şəkildə birgə yaşadığı məkandır. Tarixin bütün dövrlərində Azərbaycanda dinlərarası heç bir problem yaşanmamışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Quba rayonu, Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilməsi bir daha sübut edir ki, ölkəmizdə dinindən, milliyyətindən asılı olmayaraq bütün insanlar üçün bərabər şərait mövcuddur. Dövlət Komitəsinin sədri Azərbaycanda yəhudi və müsəlmanların uzun illərdir birgə yaşadığını hətta Oğuz rayonunda yəhudilər getdikdən sonra belə iki sinoqoqun müsəlmanlar tərəfindən qorunub saxlanması faktorunu önə çəkərək bu hadisəni tolerantlığın ötəsində olan bir addım kimi qiymətləndirmişdir.

Çıxış edən Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev ölkə Prezidenti cənab İlham Əliyevin bu Sərəncamını yüksək qiymətləndirmiş və ölkə Prezidentinə təşəkkür etmişdir. Bildirmişdir ki, bu mükafat təkcə ona deyil, bütün Qırmızı qəsəbə Dağ yəhudilərinə verilən qiymətdir. Boris Simanduyev bu gün Dağ yəhudiləri üçün yaradılan yüksək şəraitə görə ölkə Prezidentinə öz təşəkkürünü bildirmiş, bundan sonra da Vətənimizin inkişafı, xalqlar və dinlərarası tolerantlığın gücləndirilməsi üçün əlindən gələn bütün səylərini ortaya qoyacaqdır.
Dini konfessiya rəhbərləri çıxış edərək Boris Simanduyevi təbrik etmiş ona gələcək fəaliyyətində uğurlar arzulamışlar.

Qeyd edək ki, “Şöhrət” ordenini Boris Simanduyevə DQİDK sədri Elşad İskəndərov təqdim etmişdir.
DQİDK-nın mətbuat xidməti