Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.02.2021

Bölgələrdə Xocalı faciəsinin anım günü ilə bağlı tədbirlər keçirilib

Fevralın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Xocalı Soyqırımı" mövzusunda videokonfrans formatında tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı  Asif Ədilov, Ağdaş rayon Gənclər və İdman idarəsinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, habelə rayonun fəal gəncləri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şöbənin əməkdaşı Asif Ədilov ölkəmizin ərazi bütövlüyü uğrunda öz canlarından keçərək şəhid olmuş qəhrəmanlarımızın və Xocalı şəhidlərinin əziz xatirəsini anaraq, onlara Allahdan rəhmət diləyib. Asif Ədilov 1992-cı ilin 25 fevralından 26-na keçən gecə Xocalıda erməni quldur dəstələri və keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının da iştirakı ilə etnik azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyini qeyd edib.

Daha sonra çıxış edən Ağdaş rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov Xocalı faciəsindən 29 il keçməsinə baxmayaraq bu hadisənin qəlbimizdəki yarasının hələ də təzə olmasına diqqət çəkib. Natiq, eyni zamanda qeyd edib ki, ötən ilin sentyabr ayında Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Qarabağda başlanan 44 günlük Vətən müharibə nəticəsində rəşadətli Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad etdərək ərazi bütövlüyümüzü bərpa edib.  

Sonda konfrans iştirakçılarının fikirləri dinlənilib və konfrans qarşılıqlı müzakirələrlə  davam edib.

 

***

Fevralın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar videokonfrans formatında anım tədbiri keçirilib.

Videokonfransda DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşları, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov və Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Anım tədbirində Xocalı soyqırımı qurbanlarının, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı qeyd olunub ki, Xocalıda insanlıq əleyhinə yönələn ən ağır cinayətlərdən sayılan məqsədyönlü soyqırımı aktı Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklərinin kuliminasiya nöqtəsi idi. Otuz ilə yaxın müddət ərzində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı faciəsini soyqırım kimi tanıyıblar. Lakin təəssüf ki, bəziləri Ermənistanın yalançı təbliğatına uyaraq, bu dəhşətli cinayətə etinasız yanaşırlar.

 

***

Fevralın 24-də DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonunda Xocalı Faciəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Neftçala rayonu Gənclər və İdman İdarəsindən müdir müavini Nazim Dadaşov, Biləsüvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon nümayəndəsi Elmira Kazımova, Boyat kənd Diyarşünaslıq evinin müdiri Əhməd Əliyev,Neftçala şəhəri inzibati ərazi dairəsinin nümayəndəsi Səfərova Əfsanə, Boyat kənd inzibati dairəsinin nümayəndəsi Asif Qəfərov, Xıllı qəsəbəsi inzibati ərazi dairəsinin nümayəndəsi Namiq Məmmədov və Xıllı bələdiyyəsinin sədri Muxtar Rəsulov iştirak edib.

Çıxış edənlər Xocalı faciəsinin tarixindən, Azərbaycan xalqına və mədəniyyətinə təsirindən,Vətən müharibəsində əldə olunan zəfərdən və işğal altında olan torpaqların azad edilməsindən bəhs ediblər.