Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.02.2020

Bölgələrdə Xocalı faciəsi qurbanları anılır

Fevralın 24-də Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Anım tədbirində Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, “N” saylı hərbi hissənin rəhbərliyi və şəxsi heyəti iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.

Çıxışlarda Xocalı faciəsinin insanlığa qarşı törədilmiş cinayət olduğu bildirilib. Qeyd edilib ki, xalqımızın qan yaddaşı olan Xocalı haqqında həqiqətin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasət, o cümlədən Qarabağ münaqişəsinin həll olunması yolunda atdığı addımlar təqdirəlayiqdir.

Tədbirin sonunda Siyavuş Paşayev adına Kürdəmir rayon 6 saylı tam orta məktəbin şagirdləri tərəfinddən hazırlanmış kompozisiyalar nümayiş olunub.

 

                                                                                                                     ***

 

Xocalı soyqırımına həsr olunmuş daha bir tədbir Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə keçirilib.

Çiyni kənd “Hacı Ağamirzə” məscidində keçirilən anım tədbirində dini icma sədrləri, din xadimləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən natiqlər Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd ediblər. Vurğulayıblar ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımların yolverilməz olduğunu təsdiqləyir.

Anım tədbirində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhlarına Qurani-Kərim oxunub, dualar edilib.