Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilib
Oktyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı, Şəki, Şirvan və Ucar bölgələri üzrə şöbələri və İsmayıllı, Oğuz, Hacıqabul və Göyçay rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Kənan Quliyev, Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, eləcə də yerli hüquq mühafizə orqanları və rayon icra hakimiyyətlərinin əməkdaşları iştirak ediblər.
Keçirilən tədbirlərdə insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib. Dövlət səviyyəsində uşaq, yeniyetmə və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradıldığı, gələcək nəslin fiziki və mənəvi tərbiyəsinə hər zaman ciddi yanaşıldığı, onların hərtərəfli inkişafına böyük önəm verildiyi vurğulanıb.


