19.02.2016
Bölgələrdə radikalizmlə mübarizə məsələləri müzakirə olunub
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fevralın 20-də Şəmkir “Cümə” məscidi dini icması Şəmkir rayonu Heydər Əliyev mərkəzində rayon ictimaiyyətinin və dindarların iştirakı ilə “Radikalizm və onun fəsadları” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev radikalizmə qarşı mübarizənin metodlarından, ölkəmizdə qarşısının alınmasından danışaraq bu istiqamətdə bütün təşkilat və müəssisələrin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Şəmkir “Cümə” məscidi dini icmasının sədri Natiq Şıxəliyev dövlətin dinimizə və dindarlara göstərdiyi qayğıdan danışıb. İcma sədri dini radikalizmlə mübarizə aparmaq üçün dini maarifləndirmənin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski radikalizmə qarşı mübarizədə təhsil işçilərinin əməyindən və düzgün tərbiyə metodundan danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev dini icmaların dini radikalizmə qarşı mübarizədə fəaliyyətlərinin təşkilindən danışıb.
*** *** ***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fevralın 19-da Balakən şəhəri “Mərkəzi Cümə Məscidi” dini icmasının “Cəmiyyətimizin radikal təsirlərdən qorunması” layihəsinin təqdimatı çərçivəsində “İslam birlik dinidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, QMİ-nin Zaqatala-Balakən bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı İbrahim İbrahimov, Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşı Fariz Nəcəfov, dini icma sədrləri, din xadimləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Layihənin rəhbəri Elşən Poladov çıxış edərək bildirib ki, layihənin icrasının əsas məqsədi radikal fikirlərin rayon dindarları, xüsusən gənclər arasında yayılmasının qarşısının alınmasıdır. Bununla əlaqədar rayon ərazisində mütəmadi olaraq radikal dini cərəyanların təbliğ etdiyi zərərli fikirlərə qarşı dindarlar arasında maarifləndirici söhbətlər aparılacaq, cümə günləri bu mövzuda xütbə və moizələr oxunacaq.
Tədbirdə daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov dindarların maarifləndirilməsini və İslam dininin bəşəriyyəti səslədiyi birlik və bərabərliyin təbliğ olunması məsələsinin vacibliyini vurğulayıb. Eyni zamanda, İslam dininin düzgün anlaşılması və dinin hökümlərinin cəmiyyətə, xalqımıza, ölkəmizə xeyir verməklə yerinə yetirməyin vacib olduğunu qeyd edib.
Tədbirdə çıxış edən QMİ-nin Zaqatala-Balakən bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı İbrahim İbrahimov çıxış zamanı ictimai qınağın radikal dini fikirlərə qarşı ən səmərəli metod olduğunu bildirib. Balakən Rayon icra Hakimiyyətinin əməkdaşı Fariz Nəcəfov isə çıxışı zamanı radikal dini cərəyanlarla mübarizənin bir neçə aspektinin olduğunu (hüquqi, iqdisadi və ideoloji) diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.



.png)