10.08.2015
***
***
Bölgələrdə milli-mənəvi dəyərlərimiz təbliğ edilir
Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri avqustun 8-də Masallı rayonunun Hişkədərə kənd məscidi dini icmasında “Milli-mənəvi dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində baş tutub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi, ilahiyyatçı, tarix üzrə fəlsəfə doktoru Saleh Kazımov, QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov, Masallı RİH-nin Hişkədərə kənd ərazisi üzrə nümayəndəsi Qumriyyə Cəfərova, dini icmanın üzvləri, kənd ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Masallı rayonunun Hişkədərə kənd məscidi dini icmasının sədri Söhrab Ağayev layihə çərçivəsində görülən tədbirlər barədə məlumat verərək bildirib ki, “Milli-mənəvi dəyərlərimizi qoruyaq” adı altında keçirilən tədbirlər böyük əks- səda doğurub, əhali tərəfindən müsbət qarşılanıb. Keçən müddət ərzində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, cəmiyyətdə mövcud olan sosial problemlərin həlli istiqamətində də tədbirlər həyata keçirilib. İcma sədri bildirib ki, keçən müddət ərzində “Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan ailə dəyərlərimizin qorunması, “İslam sağlam həyat tərzidir”, “Masallıda müqəddəs ziyarətgahlar”, “Azərbaycanda ənənəvi dindarlıq”, “Milli-mənəvi dəyərlərimizə qayğı”, “Milli bayramlarımız”, “Qeyri-ənənəvi cərəyanlar”, “Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbirlər həyata keçirilib.
Tədbirdə ekspert kimi iştirak edən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi, ilahiyyatçı, tarix üzrə fəlsəfə doktoru Saleh Kazımov “Milli-mənəvi dəyərlərimiz: tarixdən bu günümüzə” mövzusunda məruzə ilə çıxış edib. Milli-mənəvi dəyərlər anlayışına aydınlıq gətirən ekspert milli kimliyimizin formalaşmasında bu dəyərlərin roluna toxunub. Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin anlamını praktik misallarla əsaslandırmağa çalışıb.
QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov öz həyat təcrübəsindən bəhs edərək son illər ərzində dövlət-din münasibətlərində müsbətə doğru atılan addımlardan danışıb. Dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması üçün dövlət tərəfindən dini icmalara maliyyə yardımının ayrılmasını çox böyük rəğbətlə qarşıladıqlarını bildirib.
Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbinin coğrafiya müəllimi Əlizamin Məmmədəliyev gənclərin sağlam dəyərlər üzərində təlim-tərbiyəsinə dövlətimizin qayğısını və həssaslığını olduqca müsbət addım kimi qiymətləndirib. Tarix müəllimi Rahib Ağayev bu səpkili tədbirlərin üst paleolit dövrünə aid qədim yaşayış məskənlərindən olan Hişkədərə kəndində keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib. O, vurğulayıb ki, Hişkədərə kəndinin tarixinin qədim olması, onun dəyərlərinin də qədim olmasına dəlalət edir.Bu dəyərlər qorunub saxlanılmalı və gələcək nəsillərə ötürülməlidir. Kənd ağsaqqalı Nəriman Qafarov xaricdə yaşayan yerli iş adamlarının milli-mənəvi dəyərlərə bağlılığından və bu istiqamətdə Hişkədərə kəndində görülən işlərdən danışıb.
***
Avqusutun 8-də Masallı rayonunun Hacıtəpə kəndində "Zərərli vərdişlərlə mübarizədə dini və milli dəyərlərin rolu” mövsuzunda tədbir keçirilib. Tədbirdə Hacıtəpə kənd məscidi dini icmasının sədri Nəcəfqulu Quliyev mövzunun mahiyyəti barədə məlumat verib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov dünyada din adı altında baş verən neqativ hadisələrdən danışıb. Dini radikalizmin heç bir cəmiyyətə fayda gətirmədiyini, yalnız minlərlə günahsız insanın ölümü ilə nəticələnən faciələrə, ölkələrin xarabazara çevrilməsinə yol açdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ekspert gənclərin ekstremist təmayüllü dini cərəyanlara qoşulmaması üçün milli-mənəvi dəyərlərə söykənən həqiqi dini dəyərlərlə bəslənməsinin, dövlətinə bağlı, sədaqətli, vətənpərvər tərbiyə olunmasının vacibliyini önə çəkib. Dövlətin milli-mənəvi dəyərlərə dəstəyinin son nümunələrindən danışan N.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi-dini abidələrlə bağlı imzaladığı sərəncamdan söz açıb.
QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov milli-mənəvi dəyərlərimizə zidd olan zərərli vərdişlər, dinimizdə narkomaniya, alkoqolizm, qumarbazlıq, erkən nikah kimi məsələlərə münasibətini bildirib.
Daha sonra Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov əhalini maraqlandıran məsələlər ətrafında çıxış edib. Masallı Rayon İcra Hakimiyyətinin Hacıtəpə kənd ərazisi üzrə nümayəndəsi Məhərrəm İbrahimov keçirilən layihənin əhəmiyyətindən danışıb və bu mövzu ətrafında Hacıtəpə kəndində keçirilən tədbirlərin effektiv olacağına ümidvar olduğunu bildirib.
***
Avqustun 8-də Astara rayonu Şahağac kənd məscidi dini icmasının həyata keçirdiyi "Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Astara rayonu Şahağac kənd məscidi dini icmasının sədri Hacı Nazim Əsədov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Hacı Nazim Əsədov keçirilən layihənin əhəmiyyətindən danışıb.
Tədbirdə Hacı Nazim Əsədov "Gənclərin İslam dininə yad təsirlərdən qorunması", Nəcəf Quliyev "İslam sağlam həyat tərzidir" mövzuları üzrə məruzələrlə çıxış ediblər.Həmçinin, kənd ağsaqqalları narkomaniyanın, qumarbazlığın, spirtli içkilərin, siqaretin insan sağlamlığına zərərli təsirlərindən danışaraq gəncləri bunlardan uzaq olmağa çağırmışlar.
Tədbirin sonunda dini icma üzvləri və kənd ağsaqqalları dini icmalara ayırdığı diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə və DQİDK-nın sədri Mübariz Qurbanlıya minnətdarlıq bildiriblər.
***
Avqustun 8-də Astara rayonu Sığaloni kənd məscidi dini icmasının həyata keçirdiyi "Gənclər arasında ənənəvi dindarlığın təbliği və dini radikalizmə qarşı mübarizə" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyatçı alim Saleh Kazımov, Astara rayonu Sığaloni kənd məscidinin imamı Rəhman Muradov, Astara rayonu Siyəkü kənd məscidi dini icmasının sədri Hacı Səttar Əhmədov, dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov keçirilən layihənin əhəmiyyətindən danışıb. Tədbirdə Hacı Səttar Əhmədov "Radikal dini cərəyanlar və onların zərərləri", Rəhman Muradov "Qeyri-ənənəvi dini cərəyanlar", Saleh Kazımov "Dini radikalizm və onun fəsadları" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.
***
Avqustun 8-də Astara rayonu Şüvi kəndi "Cümə" məscidi dini icmasının “Milli-mənəvi dəyərlərimizin təbliği və müasirlik” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov keçirilən layihənin əhəmiyyətindən danışıb. Tədbirdə müxtəlif mövzular ətrafında məruzələrlə çıxışlar edilib.
***
Avqustun 7-də Astara rayonu Pensər kəndi "Hacı Teymur" Cümə məscidi dini icmasının həyata keçirdiyi "Tolerantlıq və dini dözümlülük Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyatçı alim Saleh Kazımov, Pensər kəndi "Hacı Teymur" Cümə məscidi dini icmasının sədri Hacı Fariz Veysəlov, din xadimi İntizar Mürsəlov və dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov keçirilən layihənin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı dini icmalara maliyyə yardımı ayırmasını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirən şöbə müdiri ümidvar olduğunu bildirib ki, onlarla dini icmaya ayrılmış vəsait dini icmaların fəaliyyətində aktivlik yaradacaq və layihələr çərçivəsində cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılması üçün səy göstəriləcək.
Tədbirdə Hacı Fariz Veysəlov "İslam dinində insan haqları", İntizar Mürsəlov "Heydər Əliyev və milli-mənəvi dəyərlər", Saleh Kazımov "Tolerantlıq və məzhəblərarası birlik" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.


