Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.05.2016

Bölgələrdə maarifləndirmə tədbirləri uğurla həyata keçirilir

Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin!”  adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin, Ucar rayon Polis şöbəsinin, Gələcək Gənclərin İctimai Birliyinin əməkdaşları, rayonun təhsil və səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ucar RPŞ-ın rəis müavini, polis polkovniki Nəsimi Şikarov Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018- ci illər üçün Proqramı” barəsində  məlumat verərək, bu  sahədə rayonda görülən işlərdən danışıb. O,  bu sahədə görülən işlərin sırasında  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə  aparılan birgə tədbirləri xüsusi vurğulayıb.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev  narkomaniyaya qarşı mübarizə sahəsində ötən dövr ərzində şöbə tərəfindən həyata keçirilmiş maarifləndirmə tədbirlərindən danışaraq, bölgədəki dini icmalarda keçirilən tədbirlərin çoxunun narkomaniya və zərərli vərdişlərlə mübarizəyə həsr edildiyini və həmin tədbirlərin  məktəblərdə də aparıldığını söyləyib. O, gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya ilə mübarizə işlərinin  mütəmadi aparılacağını, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyini diqqətə çatdırıb.
Ucar rayon Mərkəzi Xəstəxanasının həkimi Ata Hacıyev, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Gələcək Gənclərin İctimai Birliyinin sədri Kazım Məmmədov və digərləri mövzu ilə bağlı mövcud vəziyyət və onunla mübarizə yollarından danışaraq təklif və rəylərini bildirib.
Tədbirin sonunda narkomaniya ilə bağlı  video çarxlar izlənilib.
* * *
Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə daha bir tədbir Daşsalahlı məscidi dini icmasının "Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin qorunması" layihəsi  çərçivəsində "Radikal dini cərəyanlara qarşı mübarizədə maarifləndirmənin rolu" mövzusunda Qazax rayonu Aslanbəyli kəndində dindarlar, ziyalılar və gənclər arasında keçirilib.
Görüşdə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları, kənd bələdiyyəsinin sədri və digər məsul şəxslər də iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov tədbiri açaraq radikalizm və ekstremizm haqqında və onunla bağlı olaraq qəbul olunmuş qanunlar haqqında ətraflı məlumat verib. Həmçinin, bu sahədə görülən işlər və onun nəticələri  barədə hər kəsi bilgiləndirib.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev çıxışında radikalizmin qarşısının alınmasında maarifləndirmənin xüsusi rolunu qeyd edib. Məhz buna görə də layihələrin icrasının bu sahədə görülən işlərə müsbət təsir göstərməsinin xüsusi önəm daşımasını bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandırılan suallar cavablandırılıb.