03.07.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
İyulun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Regional Mədəniyyət və Turizm idarəsinin birgə təşkilatçılığı ilə Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyində “İslam Həmrəyliyi İli” ilə bağlı “Müasir gəncliyin tərbiyəsində İslamın rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, “Asan xidmət”in könüllülər qrupu və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva İslami dəyərlərdən söhbət açaraq, müasir gəncliyin tərbiyəsində milli-mənəvi dəyərlərin rolunun önəmindən danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov “Müasir gəncliyin tərbiyəsində İslamın rolu” mövzusunda məruzəsində gənclərin milli-mənəvi dəyərlər əsasında milli ruhda tərbiyəsinin önəmindən bəhs edib.
Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin elmi işçisi Dilguşə Məmmədova, YAP Masallı rayon şöbəsinin əməkdaşı Eldar Nəzərov, “Asan xidmət” mərkəzinin könüllüsü Rəqsanə Qurbanova və digərləri də mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.