29.06.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
İyunun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lənkəran rayonu Balıqçılar qəsəbə “Xanım Zəhra” məscidi dini icmasının “İslam həmrəyliyi sülh və inkişafa təminatdır” adlı layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlik Abuşov, Nərimanabad kənd tam orta məktəbinin direktoru Şəhla Talıblı, Balıqçılar qəsəbə “Xanım Zəhra” məscidi dini icmasının sədri Abuzər Xankişiyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Balıqçılar qəsəbəsində həyata keçirilən layihənin mühüm əhəmiyyəti olduğunu bildirib. Q.Məmmədov İslam dininin sülh və həmrəylik dini olduğunu, insanları birliyə çağırdığını qeyd edərək cənab Prezident İlham Əliyevin irəli sürdüyü İslam həmrəyliyi təşəbbüsünün mütərəqqi əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Şahbazov “Azərbaycan multikultural və tolerant diyardır” mövzusunda çıxış edərək ölkəmizdə tarixən tolerant, multikultural münasibətlərin mövcud olduğunu, 2016-cı ilin “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının tarixi əhəmiyyətindən danışıb.
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlik Abuşov, Balıqçılar qəsəbə “Xanım Zəhra” məscidi dini icmasının sədri Abuzər Xankişiyev və digərləri də mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
