Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Saatlı, Sabirabad, İmişli, Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə “Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda onlayn seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. O, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarına, DQİDK və QMİ rəhbərliyinin tapşırıq və tövsiyələrinə əməl edilməsinin vacibliyini qeyd edib.
Mövzu ilə bağlı çıxış edənlər bildiriblər ki, aylardır bütün dünyada ölümcül təhdid olan, hələ də səngiməyən koronavirus pandemiyasının aradan qaldırılması yönündə dövlətimiz böyük səylə çalışır, bütün lazımi tədbirlər görülür. Vurğulanıb ki, ölkə üzrə kütləvi halda dini mərasim, ayin və tədbirlərin, Ramazan ayında kütləvi halda iftar süfrələrinin təşkil edilməsi xəstəliyə yoluxma təhlükəsinin artmasına səbəb olar.


