19.06.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Köhnə Alvadı kənd məscidi dini icmasının “İslam həmrəyliyi radikalizm və ekstremizmə qarşıdır” layihəsi çərçivəsində “Ramazan ayı və vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Kamil Bağırov, Masallı Rayon İcra Hakimiyyəti başçısının Köhnə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsa Süleymanov, kənd bələdiyyəsinin sədri Vaqif Məmmədov, Köhnə Alvadı kənd məscidi dini icmasının sədri Mirtağı Cəfərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov Ramazan ayının fəzilətindən və bu ayda müsəlmanların vəhdətindən söhbət açıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, kənd ağsaqqalı Əli Əlişov və digərləri də mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.