Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Oktyabrın 29-da Qəbələ rayonu Bum qəsəbəsi Təbriz Yaqubov adna tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, orta məktəbin direktor müavini Ramin Məmmədov, məktəb müəllimləri, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, onların sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və bu proqramların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib. Uşaqların istismar olunması, erkən nikah, narkomaniya, zərərli vərdişlər, dini radikalizmə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib, uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün səy göstərməsinin önəmi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
