Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbdə “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə, məktəbin direktoru Şahsənəm Hüseynova, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şahsənəm Hüseynova çıxışında dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmalarının, elm və təhsilə yiyələnmələrinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə dini radikalizm, ekstremizm və terrorizm məfhumlarının mahiyyətindən bəhs edərək gənclərin radikal dini təsirlərdən qorunmasınının əhəmiyyətini vurğulayıb. T.Həsənzadə dini radikalizmlə mübarizədə və sağlam dini düşüncənin formalaşmasında təhsilin və elmin böyük əhəmiyyət kəsb etdiyini və şagirdlərin cəmiyyətdə bir fərd kimi formalaşmağının əsas yolunun elmdən keçdiyini qeyd edib.
Daha sonra çıxış edən məktəbin məktəbdənkənar və sinifdənxaric tədbirlər üzrə təşkilatçısı Nuranə Dadaşova şagirdlərin kənar təsirlərə düşməməsi üçün bu cür tədbirlərin əhəmiyyətli olduğunu bildirib.
Sonda şagirdlərin sualları cavablandırılıb.