13.02.2018
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Muxax kənd 1 nömrəli tam orta məktəbində “Gənc nəsil milli-mənəvi dəyərlərimizə sadiqdir” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdukərim Şabanov və Muxax kənd 1 nömrəli tam orta məktəbinin direktoru Ədalət Novruzova iştitak ediblər. Tədbiri məktəbin direktoru Ədalət Novruzova açaraq Azərbaycan xalqının öz milli-mənəvi dəyərlərinə sıx bağlı olduğunu qeyd edib və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin vacibliyini vurğulayıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında xalqımızın milli-mənəvi dəyərlərindən qaynaqlanan Vətən sevgisindən bəhs edərək bu dəyərlərin qorunub saxlanmasında gənclərin üzərinə düşən vəzifələrdən söhbət açıb, elm və təhsilin hər zaman cəhalətə, mövhumat və xurafata qarşı olduğunu bildirib. O, eyni zamanda, gənclərin radikal dini cərəyanların və qeyri-ənənəvi təriqətlərin təsiri altına düşməməsi üçün maariflənmənin əhəmiyyətini qeyd edib.
RİH başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdukərim Şabanov çıxışında dini radikalizmin törətdiyi fəsadlardan danışıb.