22.11.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lənkəran rayonu Şağlaser kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” layihəsi çərçivəsində Cil kənd “Hüseyniyyə” məscidində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Cil kənd “Hüseyniyyə” məscidi dini icmasının sədri Əliəşrəf Əliyev, Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında İslam həmrəyliyinin Azərbaycan nümunəsi haqqında danışıb. Q.Məmədov milli-mənəvi və ənənəvi islami dəyərlərin təbliğinin vacibliyini vurğulayaraq, bu dəyərlərin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətinə toxunub.
Şağlaser kənd tam orta məktəbinin müəllimi Rauf Sadıqov çıxışında İslam həmrəyliyinin müqəddəs və tarixi missiya olduğunu, ölkəmizdə hər zaman həmrəylik, birlik və vəhdətin mövcudluğunu qeyd edib.
Cil kənd “Hüseyniyyə” məscidi dini icmasının sədri Əliəşrəf Əliyev, Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev, Şağlaser kənd kitabxanasının müdiri İldırım Paşayev və digərləri çıxışlarında xalqımızın zəngin milli və dini ənənələrə malik olduğunu bildiriblər. Natiqlər tolerant, multikultural və həmrəylik mühitinin Azərbaycan xalqının həyat tərzi olduğunu diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.