31.08.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağstafa şəhəri İmam Əli adına “Cümə” məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev və şöbənin əməkdaşları, Tovuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, İmam Əli adına “Cümə” məscidi dini icmasının sədri Şahin İsmayılzadə, Tovuz RİH başçısının Aşağı Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pərviz İsmayılzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini icmanın sədri Ş.İsmayılzadə tədbirlə bağlı ümumi məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Qurani-Kərimin bəzi ayələrini şərh edən icma sədri dinimizin müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa sahib olmağa, birlik və həmrəyliyə çağırdığını bildirib.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri R.Tağıyev müasir dövrdə İslam dünyasının daha çox həmrəyliyə və vəhdətə ehtiyacı olduğunu söyləyib, eyni zamanda, ölkəmizin bu sahədə müsəlman dünyası ilə əməkdaşlığının perspektivlərindən və ölkə başçısının İslam dini abidələrinə, din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib.
Tədbirdə çıxış edən Tovuz RİH başçısı Aparatının nümayəndəsi Əziz Məsmalıyev cari ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən və ölkəmizin İslam dünyasına verdiyi töhfələrdən, keçirilən maarifləndirici tədbirlərin effektivliyindən danışıb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.