20.04.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Aprelin 20-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Kürdəmir şəhər (1) məscidi dini icması tərəfindən “İslamda həmrəylik şüuru” layihəsi çərçivəsində “Qurani-Kərimdə və Peyğəmbərin həyatında vəhdətə çağırış” adlı maarifləndirici tədbir keçirilib.
Vüqar Qurbanov adına Kürdəmir rayonu Köhnəbazar kənd tam orta məktəbində keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Rayon Polis şöbəsinin əməkdaşı Nizami Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, məktəbin direktoru Zülfü Zahidov, dini icmanın sədri Aqil Əliyev, məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli” dünya müsəlmanlarını birləşməyə, qarşılıqlı anlaşmaya və dialoqa çağırır. Bu, Azərbaycanın təşəbbüsü ilə dünyaya yeni çağırışdır, müasir dünyanın mübtəla olduğu irqçilik, ksenofobiya və islamofobiyaya qarşı ən yaxşı məlhəmdir.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxışında vurğulayıb ki, savadsızlıq və din adı altında siyasi məqsədlərə çatmaq uğrunda mübarizə keçən əsrlərdə olduğu kimi, günümüzdə də müsəlman dünyasında davam etməkdədir. Məzhəblər arasında fikir ayrılığı, yalan və təhrif olunmuş məlumatların təbliğ olunması müsəlmanlar arasında nifaq toxumlarının səpilməsinə səbəb olur və bu da İslam həmrəyliyinin zəifləməsinə gətirib çıxarır. Bu problemlər hazırda İslam dünyasında müşahidə olunan münaqişə və narazılıqların əsas səbəblərindəndir.
Daha sonra “Qurani-Kərimdə və Peyğəmbərin həyatında vəhdətə çağırış” mövzusunda Kürdəmir şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyevin, “Milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi” mövzusunda orta məktəbin direktoru Zülfü Zahidovun, “Dini radikalizmlə mübarizə üsulları” mövzusunda isə Rayon Polis şöbəsinin əməkdaşı Nizami Abbasov və DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşovun çıxışları dinlənilib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, iştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.