Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.07.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Cəlilabad rayonu Zərbiəlli kəndi “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi radikalizmə qarşı mübarizədə vasitə kimi” layihəsi çərçivəsində “Dinimiz radikalizmə qarşı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, kənd bələdiyyəsinin sədri Məhəmməd Bəşirov, dini icma sədri Rafail Bəşirov, ağsaqqallar, icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Şahmarov qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür halların yaranma səbəbləri və təbliğatına qarşı mübarizə yollarından geniş bəhs edib. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov çıxışında zərərli vərdişlərin fəsadlarından danışaraq qeyd edib ki, İslam dini təkcə başqa dinlərin mənsublarına qarşı radikal mövqeyə qarşı deyil, eləcə də zərərli vərdişlərə qarşıdır.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin digər əməkdaşı Kamil Bağırov və başqaları çıxışlarında zərərli vərdişlərin fəsadlarından və onlara qarşı mübarizə yollarından  danışıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.