20.07.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
İyulun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabirabad rayon Həşimxanlı kənd məscidi dini icaması tərəfindən “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə çərçivəsində “Dini radikalizmə qarşı mübarizdə tolerantlıq və multikultural ənənələrin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi Nazim Sultanov, dini icma sədri Mirzəbala Tağıyev, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Mirzəbala Tağıyev ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu qeyd edib. O, dünyada dini radikalizm meyillərinin güclənərək bəşəriyyət üçün ciddi təhlükəyə çevrildiyi bir vaxtda Azərbaycanda müxtəlif xalqların qarşılıqlı hörmət, əmin-amanlıq şəratində yaşadığını, bir-birinin dininə, milli adət-ənənələrinə və digər fərqli xüsusiyyətlərinə daim sayğı ilə yanaşılıdığını söyləyib.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi Nazim Sultanov bildirib ki, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində dövlət tərəfindən mütəmadi tədbirlər həyata keçirilir
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov multikultural cəmiyyətə əsas təhdid hesab olunan dini radikalizm və ekstremizmin fəsadlarından bəhs edib. O, dini radikalizmlə mübarizə çərçivəsində görülən işlər haqqında məlumat verib.
QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onların radikal təsirlərdən qorumağın yollarından bəhs edilib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar təqdim olunub.