Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.07.2017

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Yengiyan kənd məscidi dini icması tərəfindən “İslam dininin mədəniyyətimizdəki yeri və rolu” layihəsi çərçivəsində “İslam mədəniyyəti: keçmiş, bugün və sabah” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, dini icmanın sədri Abdurahman Bilalov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Abdurahman Bilalov adı çəkilən layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərin əhəmiyyəti barədə məlumat verib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə tarixən xalqımıza  xas olan tolerantlıq, ayrı-ayrı  milli və dini  konfessiyaların dözümlülük şəraitində  birgəyaşayış ənənələrindən bəhs edib. Bildirib ki, bu ənənələrin qorunması və  gələcək nəsillərə  ötürülməsi vacib vəzifələrimizdən biri olmalıdır. O, Azərbaycan mədəniyyətinin İslam mədəniyyətinə verdiyi töhfələrdən söz açıb və onun İslam mədəniyyətində olan xüsusi rolunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov dini maarifləndirmənin və insanlarda sağlam dini təsəvvürlərin formalaşdırılmasının radikalizmlə mübarizədə böyük əhəmiyyətə malik olduğunu söyləyib.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının  nümayəndəsi İlqar Vəliyev qeyd edib ki, bu ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan olunması həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verəcək. O, eyni  zamanda qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanılması istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə  toxunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib.