17.07.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
İyulun 17-də İmişli rayonu Şahverdili kənd “Əhli-beyt” məscidi dini icması tərəfindən “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Gənclərin radikal təsirlərdən və zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov, İmişli rayon Şahverdili kənd "Əhli-beyt" məscidi dini icmasının sədri Elnur Abbasov, İmişli RİH başçısının Şahverdili və Göbəktala kəndləri inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ələddin Abbasov, ziyalılar, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Elnur Abbasov gənc nəslə multikultural və tolerantlıq dəyərlərinin aşılanması, onların radikal təsirlərdən qorunması, gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, hər bir gəncin Vətənə və dövlətə sədaqətlə xidmət etməli olduğunu, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olduğunu qeyd edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı E.Dəmirov gənclərin erkən nikah, dini radikalizm və bu kimi digər zərərli meyillərdən uzaqlaşdırılması və bu sahədə qarşıda duran vəzifələrdən danışıb. Natiq çıxışında dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini vurğulayıb. Zərərli vərdişlərə qarşı mübarizədə, cəmiyyətə əxlaqi dəyərlərin düzgün şəkildə çatdırılmasında dini savadlanmanın rolunun böyük olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən RİH başçısının Şahverdili və Göbəktala kəndləri inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ələddin Abbasov gəncləri düzgün istiqamətləndirmək, vətənpərvərlik və milli-mənəvi, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirmənin hamımızın borcu olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsi tərəfindən çap olunmuş ədəbiyyatlar paylanılıb.