12.07.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayon Kiçik Dəhnə kənd məscidi dini icması tərəfindən “Cəmiyyətimizi dini-radikal təsirlərdən qoruyaq” layihəsi çərçivəsində “Dini radikalizmin gənclərin vətənpərvərlik ruhuna mənfi təsiri" adlı dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Şəki Rayon İcra Hakimiyyəti başçısının Kiçik Dəhnə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aslan Mirhəsənov, Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov, icma sədri Əvəz Nəsrullayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Əvəz Nəsrullayev mövzu haqqında məlumat verib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev çıxış edərək deyib ki, radikal dini cərəyanların və müxtəlif zərərli vərdişlərin gənclər arasında yayılmasının əsas səbəbləri; gənclərin iradəsinin nisbətən zəif olması, sağlam dünyagörüşünün formalaşmaması və onların sözügedən amillərin dağıdıcı nəticələrindən xəbərsiz olmasıdır.
Daha sonra çıxış edən Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov gənclərin milli mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən və onları radikal təsirlərdən qorumağın yolları barədə danışıb.
Şəki Rayon İcra Hakimiyyəti başçısının Kiçik Dəhnə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aslan Mirhəsənov bildirib ki, Azərbaycan dünyada milli-mənəvi və Avropa dəyərlərini özündə birləşdirən çox nadir ölkələrdən biridir. Eyni zamanda ölkəmiz dünyada mövcüd olan bir sıra zərərli dini təriqətlərin təsirindən də sığortalanmayıb. Zərərli dini təriqətlər ən çox gənclər arasında özünə tərəfdar tapır. Buna da əsas səbəb gənclərin sağlam dini təsəvvürlərə daha az malik olmasıdır. Buna qarşı mübarizədə əsas vasitə təhsil və dini savadın artırılmasıdır.
Sonda tədbir iştirakçılarının mövzuya dair sualları cavablandırılıb.