06.07.2017
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
İyulun 6-da Lənkəran rayonu Osakücə kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi müasir dövrün çağırışıdır” adlı layihə çərçivəsində Osakücə kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Osakücə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında öz humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dininin xalqımızın dünyagörüşünün formalaşmasında, milli-mədəni inkişafında müstəsna rol oynadığını, İslami dəyərlərin və ənənələrin ölkəmizdə həmişə uca tutulduğunu bildirib.
QMİ-nin bölgə qazısı Qəni Axundzadə İslami dəyərlərin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu, İslam dininin öz ümumbəşəri mahiyyəti və birləşdirici missiyası ilə insanları daim sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət etdiyini qeyd edib.
Osakücə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva və başqaları çıxışlarında İslam dininin həmrəylik, tolerantlıq və dözümlülük dini olduğunu bildirərək həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd ediblər.
Tədbirin sonunda icma adından ermənilər tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması, dinc sakinlərin qətlə yetirilməsi, Füzuli rayonu Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın amansızcasına qətlə yetirilməsinə etiraz olaraq beynəlxalq təşkilatlara müraciət ünvanlanıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
(54).jpg)
(50).jpg)
(186).jpg)
(204).jpg)