Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.05.2016

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Sərəncama əsasən bölgələrdə tədbirlər davam etdirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının həyata keçirdiyi “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi çərçivəsində mayın 11-də “Tolerantlıq ənənələrinin qorunub saxlanılması” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.Göyçay şəhərində təşkil olunmuş tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, təhsil işçiləri, din xadimləri, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov layihə çərçivəsində həyata keçirilmiş maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev tolerantlığın hər bir dövlət üçün həm milli, həm də ümumbəşəri bir məsələ olduğunu diqqətə çatdırıb. Ə.Rəfiyev Azərbaycanın dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi bir məkan olduğunu qeyd edib. Tədbirdə, eyni zamanda Göyçay RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və Göyçay şəhər “Mərkəz” məscidinin imamı Cavid Səfərov da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüb.Çıxış edən natiqlər Ümummilli Liderimiz Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət din siyasətinə uyğun olaraq daha da möhkəmlənərək bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyini söyləyiblər.Çıxışlardan sonra tədbir iştirakçılarına müxtəlif dini təyinatlı ədəbiyyatlar paylanılıb.
                                                                                  ****
Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Oğuz  rayonu Xaçmaz kənd məscidi dini icmasının “Nümunəvi dindar və mötədil müsəlman şəxsiyyəti” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib. Xaçmaz kənd məktəbində keçirilən tədbirdə dini icma üzvləri, kənd ağsaqqalları, ziyalılar, eləcə də məktəblilər iştirak ediblər. Tədbiri dini icmanın sədri Fəxrəddin İslamlı açaraq mövzunun əhəmiyyətindən danışıb. O, bu cür layihələrin əhəmiyyətini yüksək qiymətləndirib. DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Abdullayev çıxış edərək,  ölkəmizdə mövcud olan multikultural və tolerant mühit, dini radikalizm və ona qarşı mübarizənin əhəmiyyəti, dövlət-din münasibətləri barədə ətraflı məlumat verib. Daha sonra çıxış edən Xaçmaz kənd məscidinin imamı Kənan Hacıbabayev İslamda Vətən və dövlət sevgisi, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olmasından danışıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.