19.07.2017
Bölgələrdə layihələr uğurla icra olunur
İyulun 19-da Şəki rayonu Böyük Dəhnə kənd orta məktəbində Suçma kənd məscidi dini icmasının “İslam dinində mövhumata və xurafata yer yoxdur” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki böləsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev, şöbənin əməkdaşı Elvin Qarayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, dini icma üzvləri, kənd ağsaqqalları və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Suçma kənd məscidi dini icmasının sədri Məftun Cəbiyev mövzu haqqında geniş məlumat verib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev bildirib ki, İslam dininin saflığını təhlükə altında qoyan amillərdən biri də mövhumat və xurafatdır.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxışında dövlət-din münasibətlərindən, dini maarifləndirmə sahəsində həyata keçirilən işlərdən, radikalizm, mövhumat və xurafatlara qarşı mübarizənin əhəmiyyətindən bəhs edib.
QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov qeyri-ənənəvi radikal dini cərəyanların zərərləri, eləcə də gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyəti barədə ətraflı danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.