Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.04.2016

Bölgələrdə layihələr uğurla icra olunur

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Aprelin 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağdaş şəhəri “Üç qovaq” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində Ağdaş şəhərində “Dini ekstremizm və onun fəsadları” mövzusunda  maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşları, dini icmanın sədri Şahin Rəhimli, Ağdaş RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev və şöbənin baş məsləhətçisi Qalib Həsənov, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.                  
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq ölkəmizdə dini ekstremizmin yaranması və yayılma xüsusiyyətləri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra çıxış edən Ağdaş şəhəri “Üç qovaq” məscidi dini icmasının sədri  Şahin Rəhimli dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. 
Tədbirdə,  eyni zamanda Ağdaş RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Ağdaş rayon “Pirkəkə” kənd məscidi dini icmasının sədri Elşən Həşimov, Ağdaş rayonu Cəlal əfəndi adına “Ağ məscid” dini icmasının sədri Məhəmməd Cəlalzadə də çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edən natiqlər Ağdaş rayonunda dini durum, həmçinin, dini ekstremizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.
 
 * * *  
Aprelin 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sumqayıt şəhər "Kotec" qəsəbə məscidi dini icmasının həyata keçirdiyi  “İslamda valideyn-övlad münasibətləri layihəsi çərçivəsində növbəti tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev, dini icmanın sədri Mirfəyaz Fəttayev, dini icmanın üzvləri və din xadimləri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Rauf Sərdarov tarix boyu xalqımızın formalaşmış ailə dəyərlərinin əhəmiyyətindən, bu dəyərlərin qorunub saxlanılmasında dindarların rolundan danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev qeyd edib ki, günümüzün ən böyük bəlalarından biri mənəvi terrorizmdir. Milli-mənəvi dəyərlərimizin məhvinə yönəlmiş bu fəlakət zərərli dini cərəyanlar tərəfindən həyata keçirilməkdədir. Bu cərəyanların təbliğatları nəticəsində ailə dəyərlərimiz, tarix boyu qoruyub saxladığımız əxlaqi dəyərlər aşınmaya məruz qalır. Yalçın Abdullayev dindarların təbliğatlarını bu istiqamətdə qurmalı olduqlarını, mənəvi dəyərlərimizin təbliği istiqamətində fəal olmalarını xüsusilə vurğulayıb.
 
***
Aprelin 12-də Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının Ağdam rayon Əhmədağalı kənd məscidində “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin  əməkdaşları Vüqar Kərimov və Cavid Məlikzadə, Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov, Ağdam RİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
İlk öncə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov bildirib ki, bu tədbir cənab Prezidentimiz İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği  işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı hesabına təşkil olunub.   Ağdam RİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev geniş məruzə edərək dövlətimizin uğurlu siyasətindən, şəhid və qəhrəmanlarından bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin  əməkdaşı Vüqar Kərimov çıxışında qeyd edib ki, xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.