Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.03.2017

Bölgələrdə “İslam Həmrəyliyi İli” ilə bağlı tədbirlər davam edir

Martın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” ilə bağlı bölgələrdə həyata keçirilən tədbirlər çərçivəsində Lənkəran rayonu Cil kənd “Hüseyniyyə”, Astara rayonu Pensər kənd “Cümə” və Pensər kənd “Hacı Teymur” cümə məscidlərinə müxtəlif adlarda kitablar hədiyyə olunub. Bununla bağlı keçirilən tədbirlərdə dindarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla  hər 3 məscidə verilən bütün kitabların Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə nəşr edildiyini vurğulayaraq Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, AMEA, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği sahəsində  həyata keçirilən tədbirlərin  müsbət nəticələr verdiyini qeyd edib.
Astara rayonu Pensər kənd “Cümə” məscidi dini icmasının sədri  Hüseynağa Nəsirov və Pensər kəndi “Hacı Teymur” cümə məscidi dini icmasının sədri Fariz Veysəlov çıxışlarında hər iki məscidin tarixindən danışaraq kənd əhalisinin məzhəbindən asılı olmayaraq, hər zaman mehriban yaşadığını, cümə günlərində birgə namaz qıldığını, dini ayin və mərasimləri birgə yerinə yetirdiyini vurğulayıblar.
Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, şair Mehman Qaraxanoğlu və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov hər bir xalqın səviyyəsinin onun elmi, biliyi, bəşəriyyətə bəxş etdiyi alimləri, ədibləri və dövlət xadimləri ilə  müəyyən olunduğunu deyiblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Komitənin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov “İslam Həmrəyliyi İli” çərçivəsində bölgələrdə silsilə tədbirlərin icrasına başlanıldığını qeyd edərək, dini maarifləndirmə sahəsində Bilik Fondu və digər qurumlarla birlikdə, koordinasiyalı işin təşkilinin müsbət nəticələr verdiyini söyləyiblər.