Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə iftar süfrələri təşkil olunub. İyulun 16-da Zaqatala rayonu Göyəm kənd məscidi dini icması, iyulun 17-də isə Zaqatala rayonu Sumaylı kənd məscidi dini icması Dövlət Komitəsinin keçirdiyi layihə çərçivəsində 150 nəfərin iştirakı ilə iftar süfrələri təşkil ediblər. Hər iki tədbirdə Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqalar, ziyalılar və gənclər iştirak ediblər.
Hər iki tədbirdə dövlət başçısı cənab İlham Əliyevin dinə, dindarlara göstərdiyi diqqət və qayğı barədə fikirlər bildirilib.
***
İyulun 16-da Abşeron rayonu Güzdək qəsəbəsi “Rəsullullah” məscidi dini icmasına ayrılmış vəsait hesabına iftar süfrəsi təşkil olunub. İftar süfrəsində Dövlət Komitəsinin mərkəzi aparatının və yerli şöbəsinin əməkdaşları, bölgənin nüfuzlu din xadimləri, dini icmanın üzvləri iştirak ediblər.
İftar mərasimində əvvəlcə müqəddəs “Qurani-Kərim”dən surələr oxunub, dualar edilib. Güzdək qəsəbəsi “Rəsullullah” məscidi dini icmasının sədr müavini, din xadimi Mirkazım Kazımlı çıxış edərək müqəddəs Ramazan ayında dövlətimizin dindarlara belə diqqət və qayğı göstərməsinin ölkəmizdə dövlət - din münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verdiyini deyib. Çıxış edən məscidin dini icmasının sədri Əfrasiyab Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dini maarifləndirmə işinin təşkili məqsədi ilə dini icmalara maliyyə vəsaitlərinin ayrılması, son dövrlərdə Dövlət Komitəsi tərəfindən görülən işlərin dindarlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını bildirib. Rəhbərlik etdiyi icmaya da Ramazan ayında iftar süfrəsinin təşkili məqsədi ilə vəsaitin ayrılmasına görə icma üzvləri adından minnətdarlığını bildirib.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elnur Kəlbizadə “Qurani-Kərim”in nazil edildiyi müqəddəs Ramazan ayı münasibəti ilə dindarları təbrik edib. O, qeyd edib ki, dindarlarımız Ramazan ayı günlərində Allaha, Vətənə və xalqa sədaqət, həmrəylik və möhkəm iradə nümayiş etdirməli, Orucluq günlərindəki ibadətlərdə edilən dua və niyyətlərin böyük əksəriyyəti müstəqil Azərbaycanımızın çiçəklənməsi, işğal altında olan torpaqlarımızın azad olunması, xalqımızın xoşbəxt və firavan yaşamasına yönəldilməlidir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin məsləhətçisi Əli Həziyev çıxış edərək dindarlara Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının təbriklərini və salamlarını çatdırıb. O, qeyd edib ki, müqəddəs Ramazan ayı təkcə dini ibadətlər üçün deyil, həm də dinimizin düzgün şəkildə təbliği, milli-mənəvi dəyərlərimizə qarşı fəaliyyət göstərən radikal qüvvələrin təbliğatının qarşısının alınması üçün dindarlarımıza böyük bir fürsətdir. Çünki, Ramazan ayı həm də müsəlmanların birlik və bərabərlik ayıdır.
Çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Güzdək qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Bilal Xəlilov və dindarlar iftar süfrəsinin yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
***
Növbəti iftar süfrəsi iyulun 15-də Göyçay rayonunda açılıb. Təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, dini icmaların üzvləri, rayon ağsaqqalları, ziyalılar, Qarabağ müharibəsi veteranları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qafqaz Müsəlmanları İdarəsinin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov dövlətin milli-mənəvi dəyərlərə və dindarlara qayğısından danışıb. Bu məqsədlə görülən işlər barədə məlumat verib.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə ölkədəki dini durum və dini etiqad azadlığının təmin olunması haqqında məlumat verib. Ölkəmizdə dövlət-din münasibətləri, onun hüquqi, ictimai və siyasi təməlinin Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin uğurla bu siyasəti davam etdirdiyini bildirib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Nizami Məmmədov çıxışında dini maarifləndirmə işinin təşkili və bu sahədə görülən işlər barədə söhbət açaraq hər bir vətəndaşın ölkəmizdəki sabitliyin və firavanlığın qorunmasında aktiv olmağa çağırıb. O, gənclərimizə milli-mənəvi dəyərlərimizin təbliğinin əhəmiyyətindən danışıb.