Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.02.2016

Bölgələrdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər davam etdirilir

Fevralın 27-də dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Ağdam rayon Zəngişalı kənd məscidində “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin  əməkdaşları, Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov, şəhid ailələri,  icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov bildirib ki, bu tədbir cənab Prezidentimiz İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği  işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı hesabına təşkil olunub.
Ağdam Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev mövzu ilə bağlı çıxış edərək Azərbaycanın Milli Qəhrəmanlarından, şəhidlərindən bəhs edib. O qeyd edib ki, ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan Ağdam Qarabağ müharibəsi zamanı 10 minə yaxın şəhid verib. Mehman Mustafayev rayondakı dini durum barədə məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Kərimov çıxış edərək Qarabağın qəhrəmanlıq tarixindən danışıb.
Daha sonra Zəngişalı kənd bələdiyyəsinin sədri Şahmalı Qəhrəmanov, kənd sakini, şəhid atası Sabir Əbdülrəhimov çıxış edərək dinimizə göstərilən qayğıya görə Prezidentimiz İlham Əliyevə təşəkkürlərini bildiriblər.
***
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslamda ailə dəyərləri” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Xəzər rayonu Türkan qəsəbəsi “İmam Hüseyn” məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev, “İmam Hüseyn” məscidi dini icmasının sədri Rasim Kazımov, məscidin axundu Miralim Məmmədov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı N.Nuriyev İslamda ailənin yeri və rolu, milli-mənəvi dəyərlərimizə əsaslanan ailə nümunəsindən bəhs edib.
Daha sonra “İmam Hüseyn” məscidi dini icmasının sədri Rasim Kazımov və məscidin axundu Miralim Məmmədov mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonra Xocalı faciəsində həlak olan şəhidlərin ruhuna dualar oxunub.