Şriftin ölçüsü:

Saytın rəngi:

16.12.2015

Bölgələrdə dini maarifləndirmə tədbirləri uğurla davam etdirilir

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kürdəmir şəhər "İmam Rza" məscidi dini icmasının həyata keçirdiyi “İslam təfriqə və xurafata yox deyir!” layihəsi çərçivəsində dekabrın 16–da Kürdəmir şəhərində “Gənclik və milli – mənəvi dəyərlərimiz” mövzusunda ilk maarifləndirici  tədbir keçirilib.Dəyirmi masada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Nizami Məmmədov, dini icmanın sədri Hacı Füzuli Cəfərov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri və axundu Hacı Füzuli Cəfərov  açaraq, layihə çərçivəsində həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən və müsbət təsirlərindən bəhs edib. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması məqsədilə  maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Nizami Məmmədov, Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda, Ucar bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb.
Tədbirdə ekspert qismində iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı  Rəfi Qurbanov “Milli – mənəvi dəyərlərimiz və gənclik” mövzusunda geniş məruzə ilə çıxış edib. Rəfi Qurbanov daim Azərbaycan xalqının  tolerantlıq ənənələrini yaşatdığını və müasir dövrdə də milli-mənəvi dəyərlərimizin tərkibi kimi bu ənənələri davam etdirdiyini ifadə edib.

Tədbirdə çıxış edən digər natiqlər də, fanatizm və xurafatçılığın fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.