14.04.2017
Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir
Aprelin 14-də Kürdəmir şəhər (1) məscidi dini icması tərəfindən “İslamda həmrəylik şüuru” layihəsi çərçivəsində “İslam həmrəyliyinin qarşısında duran maneələr” adlı maarifləndirici tədbir keçirilib.
M.Ə.Rəsulzadə adına Kürdəmir şəhər 2 saylı tam orta məktəbdə keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Rayon Polis Şöbəsinin əməkdaşı Asif Əhmədov, məktəbin direktoru Elnur Məmmədli, dini icmanın sədri Aqil Əliyev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsində əsas məqsədlərdən biri də İslam həmrəyliyində Azərbaycanın özünəməxsus rolunu gücləndirməkdir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.
“İslam həmrəyliyinin qarşısında duran maneələr” mövzusunda çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev bütün səmavi dinlərin bəşərə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin etdiyini bildirib. Azərbaycanın multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətindəki səyləri ilə də öz örnəyini təqdim edəcəyini qeyd edib. Ə. Rəfiyev dünyanın müxtəlif nöqtələrində səngimək bilməyən terror, insan qırğını, dini-mədəni irsin məhvi prosesləri kimi təhdidlərdən bəşəriyyətin yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola biləcəyini vurğulayıb.
Daha sonra “İslam həmrəylik və qardaşlıq dinidir” mövzusu ətrafında Kürdəmir şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyevin, “milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi” mövzusunda tam orta məktəbin direktoru Elnur Məmmədlinin və dini radikalizmlə mübarizə üsulları mövzusunda isə Rayon Polis Şöbəsinin əməkdaşı Asif Əhmədovun çıxışları dinlənilib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, iştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımına əsasən keçirilib.