24.12.2016
Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir
Dekabrın 23-də Balakən rayonunun Beçağar kənd məscidində İtitala kənd dini icması tərəfindən həyata keçirilən “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti” layihəsi çərçivəsində “İslam birlik dinidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Balakən rayonu üzrə qazısı Hacı İbrahim İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Sənan Hacıyev, Beçağar kənd ictimiyyətinin nümayəndələri, kənd sakinləri, dindarlar və ziyalılar iştirak ediblər.
Layihənin rəhbəri Hacıməhəmməd Əliyev çıxış edərək qeyd edib ki, tarixən xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında İslam dini böyük rola malikdir.Qafqaz Müsəlmanları İdarəsinin Balakən rayonu üzrə qazısı Hacı İbrahim İbrahimov isə çıxışı zamanı İslam dininin müxtəlif irqlərdən, millətlərdən və müxtəlif qəbilələrdən olan insanları bir bayraq altında, bir ümmət şəklində birləşdirdiyini bildirib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Elvin Qarayev İslam dininin bəşəriyyəti birlik və bərabərliyə səslədiyini, həmin birlik və bərabərliyin qorunmasında müsəlmanların üzərinə böyük bir məsuliyyət düşdüyünü qeyd edib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il 27 noyabr tarixli Sərəncamına əsasən keçirilib.