16.01.2017
Bölgələrdə dini maarifləndirmə işi davam edir
Yanvarın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qax şəhər məscidi dini icmasının həyata keçirdiyi “İslamda birgəyaşayış ənənəsi” layihəsi çərçivəsində Qax şəhər məscidində növbəti maarifləndirici tədbir keçirilib.
Qax rayon dindarlarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov açaraq birgəyaşayış ənənələri olan Qax rayonunda bu layihənin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov birgəyaşayışın təminində İslam dininin oynadığı roldan danışıb.
Daha sonra çıxış edən Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi, ilahiyyaçı Səfa Muradov İslamın birgəyaşayış ənənəsini meydana gətirən bəzi Quran ayələri və Hz. Peyğəmbərin sözlərindən bəhs edib və dindarların bu prinsipləri daha dərindən mənimsəmələrinin əhəmiyyətini vurğulayıb.
Tədbirdən sonra iştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyat paylanıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib.