Bölgələrdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbirlər keçirilib
31 martda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbələri Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbirlər keçiriblər.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran şəhər Gənclər və İdman idarəsi, şəhər Təhsil şöbəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran nümayəndəliyi və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların soyqırımının 103-cü il dönümünə həsr edilmiş videokonfrans keçirilib.
Videokonfransda təşkilatçı qurumların kollektivləri, din xadimləri, rayon gəncləri və məktəbli şagirdlər iştirak ediblər.
Tədbir soyqırımı qurbanlarının, həmçinin ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.
Daha sonra Quba Soyqırımı Memorial Kompleksinə və Lənkəran rayonu Sütəmurdov kəndində soyqırımı qurbanlarının dəfn edildiyi əraziyə virtual səyahət təşkil edilib.
Videokonfransda çıxış edən Lənkəran şəhər Gənclər və İdman idarəsinin rəisi Mikayıl Cəfərzadə, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Sütəmurdov kənd tam orta məktəbinin direktoru Kamran Əliyev, Sütəmurdov kənd məscidinin imamı Fəxri Sadıxov, gənc könüllü Allahverən Hüseynzadə 31 Mart-Azərbaycanlıların soyqırımı ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat veriblər. Bolşevik-daşnak qüvvələri tərəfindən xalqımıza qarşı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Lənkəran, Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə törədilən soyqırımı və təcavüz siyasətinə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ilk dəfə hüquqi-siyasi qiymət verildiyini, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanının tarixi əhəmiyyət daşıdığını vurğulayıblar.
Eyni zamanda bildirilib ki, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı cinayətlərinin dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət nəticəsində nail olunub. Bu tarixi unutmamaq və nəsillərin qan yaddaşına çevirməyin hər birimizin vəzifə borcu olduğu qeyd edilib.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi, Salyan rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirilib. İlk öncə 31 mart soyqırımı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Salyan rayon Təşkilatının sədri Rəşad Cəbrayılov qeyd edib ki, 1918-ci ilin 31 mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olub. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə, Salyan və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirib ki, 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı aktı törədiblər. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər.
Tədbirdə çıxış edən YAP Salyan rayon Təşkilatının sədrinin müavini, Salyan rayon Peşə Liseyinin direktoru Razıgül Dadaşova vurğulayıb ki, azərbaycanlıların soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürüdür. Azərbaycanda hər il 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla qətlə yetirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov öz çıxışında bildirib ki, 1918-ci ilin mart qırğınlarında Azərbaycanlıların kütləvi surətdə qırğını, doğma yurdlarından didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə etnik və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilməsi, bu cinayət əməlinin öncədən planlaşdırılmış və mərhələli şəkildə həyata keçirilməsi, o cümlədən bu kimi cinayət əməllərinin Azərbaycanın müxtəlif ərazilərində törədilməsi faktları məhz soyqırımı kimi beynəlxalq arenada qiymətləndirilməlidir.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qəbələdə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün ildönümünə həsr olunmuş “31 Mart-Tariximizin qanlı səhifəsi” adlı videokonfrans keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Ceyhun Rüstəmov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
İlk olaraq soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı qeyd edilib ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart və aprel aylarında baş verib. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı öldürüb, diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidlər və digər abidələri dağıdıblar.
Videokonfransda həmçinin bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və xalqın birliyi ilə düşmən təxribatlarının qarşısının alınması məqsədi ilə başlanılan və 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbə ilə soyqırımı qurbanları və şəhidlərimizin qisası alınıb, tarixi ədalət bərpa edilib.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz rayon Gənclər İdman idarəsi, Oğuz Rayon Mərkəzi Kitabxanası və Oğuz rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz rayon Gənclər İdman idarəsinin rəisi Ramiz Mahmudov və idarənin əməkdaşları, Oğuz rayon Mərkəzi Kitabxanasının və Oğuz Rayon Təhsil şöbəsinin əməkdaşları, həmçinin rayon gəncləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, XX əsrin əvvəlində baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. Bu soyqırımın günahkarı “Böyük Ermənistan” yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün istənilən iyrənc vasitəyə əl atan erməni şovinizmidir.

