Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.02.2016

Bölgələrdə anım tədbirləri keçirilib

Bəşəriyyət tarixinin ən dəhşətli kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbələri tərəfindən Xocalı soyqırımına həsr olunmuş  anım mərasimləri keçirilib.
Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən dini icma rəhbərləri, imam, axund və din xadimlərinin iştirakı ilə Ucar şəhərində torpaqlarımızın bütövlüyü və vətənimizin müstəqilliyi uğrunda doğma canlarından keçmiş  şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksi, eləcə də  şəhidlərimizin məzarları ziyarət edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, həmçinin, Ucar şəhəri Mədəniyyət Evində, Mədəniyyət və Turizm Nazirliyinin Ucar rayon Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə “Xocalını Unutmadıq!!! Unutdurmarıq!!!” mövzusunda tədbirdə iştirak ediblər.
DQİDK-nın şöbə müdiri vəzifəsini icra edən Əzim Rəfiyev çıxışında dövlətimizin, xüsusən də “Xocalıya ədalət” kampaniyasının rəhbəri Leyla Əliyevanın bu soyqırımın dünyada tanıdılmasında apardığı müstəsna fəaliyyətini önə çəkib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı tədbirdə “Xocalı soyqırımı bizim üçün nə deməkdir” mövzusunda geniş məruzə ilə çıxış edib.
***
DQİDK-nın Sumqayıt  bölgəsi üzrə şöbəsinin  əməkdaşlarının iştirakı ilə  Xocalı soyqırımının 24 – cü  ildönümünə  həsr  edilmiş  tədbir keçirilib.  Tədbiri  giriş  sözü  ilə  açan şöbə  müdiri  Şirin Cəfərov  Xocalı faciəsi barədə ətraflı məlumat verərək  tariximizin  ən qanlı hadisələrdən biri  olan,  erməni silahlı dəstələri  tərəfindən xalqımıza  qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc, əliyalın   əhalinin xüsusi  qəddarlıqla  qətlə yetirildiyini, əsir  götürülən insanların dəhşətli işgəncələrə , zülm və təhqirlərə məruz  qaldıqlarını  qeyd  edib. 
***
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Ləj kənd icra nümayəndəliyində Xocalı faciəsinin anım mərasimində iştirak ediblər.
Tədbirdə  Lənkəran Şəhər İcra hakimiyyətinin əməkdaşı Aydın Məmmədov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Şahbazov, Lənkəran şəhər İHB-nin Ləj kənd ərazi vahidliyi üzrə nümayəndəsi Bayram Cəfərov, şəhid Natiq Aslanov adına Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov, Ləj kənd məscidinin axundu Samid Quliyev, şəhid ailələri, ziyalılar, gənclər və məktəblilər iştirak ediblər.
Xocalı faciəsi ilə bağlı çıxış edən natiqlər Xocalı faciəsinin köklərindən, tarixən azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasından, azərbaycanlıların başına gətirilən zülmlərdən, Qarabağ müharibəsindən danışaraq, gənc nəsli xalqımızın başına gətirilən haqsızlıqları unutmamağa çağırıblar.
Sonda Xocalı faciəsi ilə bağlı hazırlanmış sənədli film tədbir iştirakçılarına nümayiş etdirilib.
***
Fevralın 26-da Qobustan şəhər “Heydər” məscidində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Qobustan şəhər “Heydər” məscidinin imamı Çingiz Babaşov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Cavid Əhmədov, dini icma üzvləri və rayon ağsaqqalları iştirakı ediblər.
Tədbirdə çıxış edənlər dinc əhaliyə qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumat verərək, dəhşətli faciənin erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətinin davamı olduğu bildiriblər.
Tədbirin sonunda Quran-Kərimdən ayələr oxunub, Xocalı soyqırımı zamanı həlak olmuş soydaşlarımızın əziz xatirəsinə, eləcə də torpaqlarımızın tezliklə işğaldan azad olması üçün dualar edilib.