Bölgələrdə 31 mart soyqırımı qurbanları anılıb
Martın 30-da Biləsuvar Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi, Biləsuvar rayon Gənclər və İdman İdarəsi və Biləsuvar rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn konfrans keçirilib.
Tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Dovlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, Biləsuvar rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev bildirib ki, Birinci dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular. Bu qırğınların pik nöqtəsi martın 31-də həyata keçirilən, Bakı ilə yanaşı respublikamızın bir neçə rayonunda törədilən və ümumilikdə 20 min nəfər soydaşımızın qətlə yetirildiyi soyqırımı hadisəsi oldu.
Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev bildirib ki, Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Soyqırımının törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi.
Çıxış edən digər natiqlər mövzu ətrafında öz fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər.
***
Martın 30-da Neftçala rayon Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfrans keçirilib. Tədbirdə Neftçala rayonu Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev, Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov, Neftçala rayonunda fəaliyyət göstərən din xadimləri və fəal gənclər iştirak ediblər.
Videokonfransda soyqırımının tarixindən, bolşeviklərin və ermənilərin amansız cinayətlərindən bəhs edilib. 1998-ci il 26 mart tarixində Ümumilli Lider Heydər Əliyevin fərmanı ilə 31mart “Azərbaycanlıların Soyqırım günü” elan edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bu soyqırımı cinayətinin bütün dünyada tanıdılmasının zəruriliyi bildirilib və dövlətin bu istiqamətdə atdığı addımlardan söhbət açılıb.



