Şriftin ölçüsü:

Saytın rəngi:

27.09.2013

BMT-nin mənzil qərargahında “Azərbaycan-Tolerantlıq məkanı” adlı sərgi açılmışdır (FOTO)

NYU YORK. 26 SENTYABR 2013
 
Bu gün BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyaların Alyansı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan-Tolerantlıq Məkanı” adlı foto-sərginin açılış mərasimi olmuşdur. Bir həftə ərzində davam edəcək foto sərgidə Heydər Əliyev Fondunun “Azərbaycan – tolernatlıq ünvanı” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənəcək.
 
Sərginin açılışı və BMT-nin Sivilizasiyaların Alyansının Dostları Qrupunun ali səviyyəli iclası münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış edən BMT-nin Sivilizasiyaların Alyansı üzrə Ali nümayəndəsi cənab Nassir Abdulaziz Al-Nasser bildirmişdir ki, bu il Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumu zamanı o bir daha Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətinin şahidi olmuşdur. BMT-nin Ali nümayəndəsi bu günkü sərginin BMT-nin Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində açılmasının dünya birliyinin Azərbaycan dövlətinin multikulturalizm və tolerantlığın təmin olunması sahəsindəki fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsi olduğunu vurğulamışdır. O BMT-nin Sivilizasıyların Alyansı ilə Azərbaycan arasında əlaqələrin yüksələn xəttlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
 
Sərginin açılışında çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov tədbirdə toplanmış BMT-nin üzv ölklərini təmsil edən heyət başçılarını səmimi salamlayaraq, ölkəmizdə dini tolerantlığın çoxəsrlik tarixindən danışmışdır. O qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə “multikulturalizm və milli-dini azlıqlara hörmət Azrbaycan xalqının milli xüsusiyyətidir”. Natiq daha sonra  bildirmişdir ki son illərdə Azərbaycan dövləti, həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən iri miqyaslı beynəlxalq tədbirlər Azərbaycanı mədəniyyətlər və dinlərarası dialoqun tanınmış beynəlxalq mərkəzinə çevirmişdir.
 
Qeyd edək ki müstəqillik tarixində ölkəmizin tolerantlıq ənənələrini BMT-də tərənnüm edən bu ilk sərgi bir həftə ərzində davam edəcək. Sərginin BMT-nin Baş Assambleyası münasibətilə Nyu Yorka toplaşmış ali səviyyli nümayəndə heyətləri, həmçinin, BMT nəzdində diplomatik missiyaların diplomatları, bu beynəlxalq qurumun qonaqları və beynəlxalq media təmsilçiləri tərəfindən ziyarət edilməsi gözlənilir.