Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.04.2014

BMT-nin Ali nümayəndəsi: “Azərbaycan Prezidentinin qlobal təşəbbüslərinə hər zaman dəstək verəcəyik”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Eşad İskəndərov BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Qrupunun görüşündə iştirak etmək üçün Qətərin paytaxtı Dohada səfərdədir. Görüş İndoneziyada bu ilin avqustunda təşkil ediləcək Sivilizasiyalar Alyansının Qlobal Forumunun gündəliyinin tərəfdaş ölkələr ilə müzakirəsi məqsədilə keçirilir.

Aprel 29-da Elşad İskəndərov BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nüməyəndəsi Nasser Əbüdələziz əl-Nassirlə görüş keçirib. Ali nümayəndə mədəniyyətlərarası dialoqun və dini tolerantlığın gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi rolunu qeyd edərək, BMT Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib və bu sahədə Azərbaycan Prezidentinin təşəbbüslərinə hər zaman dəstək verməyə hazır olduqlarını ifadə edib. Ali nümayəndəyə təşəkkürünü bildirən DQİDK-nın sədri ölkə başçısının dini tolerantlıq və multikulturalizm sahəsində təşəbbüsləri haqqında ətraflı məlumat verib. Görüşdə, həmçinin İndoneziyada keçiriləcək növbəti Qlobal Forumunda Sivilizasiyalar Alyansı ilə birgə Azərbaycanın tolerantlıq modelinin təqdimatının keçirilməsinə dair razılıq əldə edilib.

Yüzdən artıq dövlət və beynəlxalq təşkilatın iştirak etdiyi və aprelin 29-da başlamış görüşün iclasında çıxış edən Dövlət Komitəsinin sədri Azərbaycanda mədəniyyətlərarası dialoq və dini tolerantlığın əsrlərlə formalaşmış ənənələrə dayanaraq yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O, həmçinin bu tolerantlığın daha da möhkəmləndirilməsi və dünyada örnək olaraq təbliğ edilməsi məqsədilə ölkəmizin həyata keçirdiyi tədbirlər və əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Mədəniyyətlərarası Forumu çərçivəsində Forumun əsas partnyoru olan BMT Sivilizasıyalar Alyansının ölkəmizin dəstəyi ilə 20-dən artıq tədbirin keçirildiyini vurğulayan natiq bunun Azərbaycanın Sivilizasiyalar Alyansının inkişafına dəstəyinin nümunəsi olduğunu qeyd edib.

Elşad İskəndərov bildirib ki, DQİDK ilə BMT Sivilizasiyalar Alyansı arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən, iki qurum qlobal dinlərarası dözümlülük və dialoqa müsbət təsir göstərəcək layihələr həyata keçiriblər. Bunların sırasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə qeyd olunan Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilmiş və UNESCO-nun baş qərargahında ötən il keçirilmiş elmi simpoziumun, eləcə də BMT və Avropa Parlamentlərinin qərərgahlarında “Azərbaycan-tolerantlıq məkanı” adlı fotosərginin birgə təşkilinin əhəmiyyəti diqqətə çatdırılıb. Dövlət Komitəsinin sədri, həmçinin İndoneziyada keçiriləcək Sivilizasiyalar Alyansının Forumunda bu təcrübədən istifadə olunaraq konkret layihələr təcrübəsinin geniş yayılmasına xüsusi diqqətin ayrılmasını da təklif edib.
DQİDK-nın mətbuat xidməti