Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.03.2017

Binəqədi rayonunda “Dünyəvi dövlətdə İslam və milli-mənəvi dəyərlər” mövzusunda tədbir baş tutub

Martın 29-da Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Binəqədi rayonunda yerləşən 3 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Dünyəvi dövlətdə İslam və milli-mənəvi dəyərlər” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Vasif Musayev, Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov,  məktəbin direktoru Natəvan Əsədova, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Natavan Əsədova mənəvi dəyərlər sistemimizin ayrılmaz parçası olan İslam dininin humanist və sülhsevər din olduğunu qeyd edib.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş edilib.
Filmin nümayişindən sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Vasif Musayev cəmiyyətdə milli-mənəvi dəyərlərimizin ayrılmaz bir parçası olan müqəddəs dinimiz İslama münasibətdən söz açıblar. Eyni zamanda, Azərbaycanın İslam aləmində çox böyük hörmətə malik olduğunu, Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının olduqca əhəmiyyətli, zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu diqqətə çatdırıblar.
Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov çıxışında dini maarifləndirmənin əhəmiyyətindən və bu sahədə görülən işlərdən söz açıb.
Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.