31.07.2017
Binəqədi rayonunda dini maarifləndirmə tədbiri keçirilib
İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Binəqədi rayonu Binəqədi qəsəbəsi “Came” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülh və bəşəri dəyərlərə sadiqlik simvoludur” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Hatəm Gülməmmədov və Samir Yoldaşov, Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, Binəqədi qəsəbəsi “Came” məscidi dini icmasının sədri Şabala Əliməmmədov, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Ş.Əliməmmədov maarifləndirmə tədbirlərinin milli-mənəvi dəyərlərimizin və İslam həmrəyliyinin təbliğindəki rolundan bəhs edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Gülməmmədov dinlərarası dostluğun, müsəlmanlar arasındakı vəhdətin ölkəmizdə tarixən mövcud olduğunu diqqətə çatdırıb. Natiq 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam dünyasına sülh, birlik və qardaşlıq mesajı olduğunu bildirib. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı S.Yoldaşov isə Azərbaycanda hər zaman multikultural və tolerant dəyərlərə yüksək qiymət verildiyini vurğulayıb.
Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı R.Həsənov rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər haqqında məlumat verib.
Tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.